Sovet imperiyasının dağılması ərəfəsində və ondan dərhal sonra Azərbaycan xalqı böyük çətinliklərlə üzləşdi. 1991-1993-cü illərdəki hakimiyyət böhranı və daxili silahlı qruplaşmaların hakimiyyət iddiaları nəticəsində dövlət tamamilə idarəolunmaz vəziyyətə düşmüşdü. Belə mürəkkəb bir şəraitdə milli birliyi təmin edib, dövləti xilas edə biləcək yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. 15 İyun – Milli Qurtuluş Günü xalqımızın tarixə yazdığı böyük siyasi zəfər, müstəqilliyimizin yenidən doğuşudur.
Dahi rəhbər böyük siyasi iradə və qətiyyət nümayiş etdirərək ölkəni vətəndaş müharibəsi bəlasından qurtardı. Onun müdrik siyasəti sayəsində dövlət idarəçiliyi sistemi bərpa olundu, xalqın öz dövlətinə olan inamı yenidən qaytarıldı. Həqiqətən də, cəmiyyətimiz o ağır günlərdə göstərdiyi müdrikliklə öz xilaskarını düzgün seçməyi bacardı. Sabitlik yarandıqdan dərhal sonra iqtisadi islahatlara start verildi.
‘Əsrin müqaviləsi’nin imzalanması ilə neft strategiyası uğurla işə salındı, ölkənin iqtisadi müstəqilliyi təmin edildi. Eyni zamanda, vahid komandanlığa tabe olan qüdrətli və nizami ordunun formalaşdırılması prosesi həyata keçirildi. Heydər Əliyev məktəbinin ləyaqətli davamçısı olan cənab Prezident İlham Əliyev ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ deməklə xalqımızın tarixi arzusunu həqiqətə çevirdi. Rəşadətli Ordumuzun 44 günlük müharibədə qazandığı Zəfər 15 İyun Qurtuluş günündən başlanan yolun ən uca və ən müqəddəs zirvəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu