1987-ci ilin oktyabrında Ümummilli Lider Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyində tutduğu yüksək vəzifələrdən istefa verməsi Azərbaycanın gələcək taleyində böyük fəsadların yaranmasına səbəb oldu. Bu hadisədən çox keçmədən erməni millətçiləri və onların sovet iqtidarındakı havadarları Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması ilə bağlı mənfur planlarını işə saldılar. Əgər dahi lider həmin dövrdə hakimiyyətdə olsaydı, şübhəsiz ki, erməni separatçıları belə bir ərazi iddiasına heç vaxt cürət edə bilməzdilər. Təəssüf ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə, xüsusən 1991-1993-cü illərdə AXC-Müsavat iqtidarının dövlət idarəçiliyindəki kəskin səriştəsizliyi ölkəni uçuruma doğru sürüklədi. Ölkədə baş alıb gedən hərc-mərclik, silahlı dəstələrin qanunsuz əməlləri və siyasi xaos Azərbaycanı bir dövlət kimi tarix səhnəsindən silinmək təhlükəsi qarşısında qoymuşdu. Ümummilli Liderin qətiyyəti, məğlubedilməz siyasi iradəsi və cəsarəti Azərbaycanı fəlakət burulğanından sağ-salamat çıxarmağa müvəffəq oldu.
1993-cü ilin ortalarında hakimiyyət vakuumu səbəbindən dağılmaq ərəfəsində olan ölkə Heydər Əliyevin sədrlik postuna seçilməsindən dərhal sonra inkişaf və sabitlik fazasına daxil oldu. Vətəndaşlara öz hüquqlarını qoruyan bir dövlətin varlığı yenidən hiss etdirildi. Parçalanmış cəmiyyət milli ideologiya, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirildi. Milli Qurtuluş Gününün əsas mahiyyəti məhz budur: o, Azərbaycan xalqına təkcə dinc yaşamaq hüququnu yox, həm də öz qürurunu, milli ləyaqətini və müstəqil gələcəyini geri qaytardı. Heydər Əliyev tərəfindən çoxşaxəli yanaşma ilə həyata keçirilən struktur islahatları dövlət həyatının bütün sferalarını əhatə edirdi. Aqrar sektorda torpaq islahatlarının aparılması, özəlləşdirmə proqramlarının icrası yeni bir azad iqtisadi modelin formalaşmasına gətirib çıxardı.
Digər tərəfdən, Azərbaycanın beynəlxalq tribunalarda öz mövqeyini inamla müdafiə etməsi, xarici güclərin ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını alması dövlət müstəqilliyimizin dönməzliyini bir daha sübuta yetirdi. Yaradılmış vahid mərkəzli və rəşadətli Azərbaycan Ordusu xalqın güvənc yerinə çevrilərək ölkəmizin gələcək zəfərləri üçün hazırlıq mərhələsini uğurla keçdi. Heydər Əliyev siyasi və ideoloji kursunun ləyaqətli davamçısı Prezident İlham Əliyev Azərbaycanı öz tarixinin ən qüdrətli, yenilməz və fəxarətli dövlətinə çevirməyi bacardı. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı möhtəşəm Qələbə 15 İyun – Milli Qurtuluş günündən başlanan çətin, lakin şərəfli yolun ən böyük və tarixi uğurudur. ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ deyən Müzəffər Lider xalqımızın qürurunu özünə qaytardı. Bu gün azad Qarabağda üçrəngli bayrağımızın dalğalanması müstəqilliyimizin əbədiliyinin və dövlətimizin sarsılmaz gücünün ən böyük təsdiqidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu