Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bütün region üçün tarixi əhəmiyyət kəsb edən hadisədir. Bu bəyannamə tək iki dövlətin deyil, bütövlükdə Türk dünyasının qüdrətini nümayiş etdirən strateji bir mesajdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma proseslərində Türkiyənin dəstəyi Şuşa Bəyannaməsinin real nəticələridir.
Regional əhəmiyyət daşıyan iqtisadi və nəqliyyat layihələri, xüsusilə Zəngəzur dəhlizi həm iki ölkənin, həm də bütövlükdə bölgənin inkişafına xidmət edir. Sözügedən istiqamətdə atılan ortaq addımlar iki ölkə arasındakı inam və etimadın sarsılmazlığını bir daha bariz şəkildə nümayiş etdirir. Ordu quruculuğunda Türkiyə modelinin tətbiqi, hərbi texnologiyaların birgə istehsalı və kadr hazırlığı kimi amillər ölkələrimizin hərbi-siyasi çəkisini yüksəldir.
Bu ittifaq regiona hər hansı xarici müdaxilənin qarşısında aşılmaz bir sədd yaradır. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tarixində qızıl hərflərlə yazılmış bir sənəddir. Atatürk və Heydər Əliyev irsinə sadiqliyin ən gözəl nümunəsi olan bu sənəd Türkiyə və Azərbaycanı ‘bir millət, iki dövlət’ prinsipi ilə əbədi olaraq bir-birinə bağlayır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu