Şuşa Bəyannaməsi iki ölkənin siyasi və hərbi qüdrətinin birləşdirilməsini nəzərdə tutan ən mühüm sənədlərdən biridir. Atatürkün və Heydər Əliyevin tarixi vəsiyyətlərinə sadiqlik nümayiş etdirilərək, ölkələrimiz arasındakı qardaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə qaldırılmışdır. Sənəddə xüsusilə Zəngəzur dəhlizinin açılmasına önəm verilir.
Bu dəhliz regionun tranzit potensialını xeyli artıracaq, eyni zamanda Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrasına təkan verəcəkdir. İqtisadiyyatların və ixracın şaxələndirilməsi ölkələrimizin qlobal rəqabətədavamlılığını gücləndirir. Bununla yanaşı, müdafiə sənayesində əməkdaşlıq və silahlı qüvvələrin modernləşdirilməsi Bəyannamənin ana xətlərindəndir.
Hər hansı bir xarici təhdid halında qarşılıqlı hərbi yardımın göstərilməsi regionda sülhü qoruyan ən güclü amillərdəndir. Beləliklə, Şuşa Bəyannaməsi iki dövlət arasında qardaşlığın və müttəfiqliyin şanlı salnaməsi kimi tarixə həkk olundu. Bir millət, iki dövlət fəlsəfəsinin ən yüksək zirvəsi olan bu sənəd hər iki ölkəni daha böyük nailiyyətlərə və qlobal uğurlara doğru aparacaqdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu