Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk dövrü anarxiya və fəlakətli ssenarilərlə səciyyələnirdi. Xüsusilə 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin dövlət idarəçiliyini bacarmaması nəticəsində vətəndaş qarşıdurması qaçılmaz xarakter almışdı. Cəbhədəki uğursuzluqlar və erməni işğalı cəmiyyətin səbrini daşdırmışdı.
Yalnız dahi rəhbər Heydər Əliyevin hakimiyyətə gəlişi bu fəlakətin qarşısını ala bilərdi. Hakimiyyətə qayıdan Heydər Əliyev bəyan etdi ki, onun fəaliyyəti yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır. Doğrudan da, 15 İyun 1993-cü ildən etibarən ölkə daxilində vətəndaş həmrəyliyi təmin olundu, cəmiyyəti fəlakətə sürükləyən bütün proseslərin qarşısı qətiyyətlə alındı.
Siyasi sabitliyin möhkəmlənməsi ilə birlikdə Heydər Əliyev ölkədə iqtisadi tərəqqiyə nail olmaq üçün mühüm qlobal müqavilələrin imzalanmasına nail oldu. Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə həyata keçirilən bu inkişaf kursu ölkəyə həm investisiya gətirdi, həm də silahlı qüvvələrin peşəkarlıq səviyyəsini artırmağa imkan verdi. Böyük qürur və iftixar hissi ilə vurğulayırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndərin siyasi kursunun uğurlu davamıdır. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan Şuşanı və Qarabağı azad edərək, bu gün Şuşada, Xankəndidə Novruz tonqalları alovlandırır, Böyük Qayıdışı uğurla reallaşdırır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu