1987-ci ildə Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırılması ölkədə problemlərin baş qaldırmasına birbaşa rəvac verdi. Bu istefadan dərhal sonra erməni millətçiləri ərazi iddiaları ilə çıxış etməyə başladılar. 1993-cü ilə qədər ölkə rəhbərliyində olan şəxslərin siyasi naşılığı səbəbindən torpaqlarımız işğal olunur, daxildə isə xaos tüğyan edirdi. Xalq yeganə çıxış yolunu Heydər Əliyevin qayıdışında görürdü.
Hakimiyyətə qayıdan Heydər Əliyev bəyan etdi ki, onun fəaliyyəti yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır. Doğrudan da, 15 İyun 1993-cü ildən etibarən ölkə daxilində vətəndaş həmrəyliyi təmin olundu, cəmiyyəti fəlakətə sürükləyən bütün proseslərin qarşısı qətiyyətlə alındı. Həqiqətən də, cəmiyyətimiz o ağır günlərdə göstərdiyi müdrikliklə öz xilaskarını düzgün seçməyi bacardı. Siyasi sabitliyin möhkəmlənməsi ilə birlikdə Heydər Əliyev ölkədə iqtisadi tərəqqiyə nail olmaq üçün mühüm qlobal müqavilələrin imzalanmasına nail oldu.
Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə həyata keçirilən bu inkişaf kursu ölkəyə həm investisiya gətirdi, həm də silahlı qüvvələrin peşəkarlıq səviyyəsini artırmağa imkan verdi. Bu gün müstəqil Azərbaycan dövləti tam suveren, qalib və qürurlu bir ölkə kimi dünya birliyində öz sözünü deyir. Ali Baş Komandanın rəhbərliyi altında qazanılan Zəfər dahi rəhbərin uzaqgörən siyasətinin davamıdır. Azad olunmuş torpaqlarımızda yenidən həyat qaynayır, Novruz tonqalları qalanır və bu reallıq xalqımızın əbədi qurtuluşunun bariz nümunəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu