Sovet imperiyasının dağılması ərəfəsində və ondan dərhal sonra Azərbaycan xalqı böyük çətinliklərlə üzləşdi. 1991-1993-cü illərdəki hakimiyyət böhranı və daxili silahlı qruplaşmaların hakimiyyət iddiaları nəticəsində dövlət tamamilə idarəolunmaz vəziyyətə düşmüşdü. Belə mürəkkəb bir şəraitdə milli birliyi təmin edib, dövləti xilas edə biləcək yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. Hakimiyyətə qayıdan Heydər Əliyev bəyan etdi ki, onun fəaliyyəti yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır.
Doğrudan da, 15 İyun 1993-cü ildən etibarən ölkə daxilində vətəndaş həmrəyliyi təmin olundu, cəmiyyəti fəlakətə sürükləyən bütün proseslərin qarşısı qətiyyətlə alındı. Qeyd olunan dövlətçilik fəaliyyətinin analizi bir daha sübut edir ki, əsl lider böhranlardan qorxmayan və xalqı arxasınca aparan qüvvədir. Sabitlik yarandıqdan dərhal sonra iqtisadi islahatlara start verildi. ‘Əsrin müqaviləsi’nin imzalanması ilə neft strategiyası uğurla işə salındı, ölkənin iqtisadi müstəqilliyi təmin edildi.
Eyni zamanda, vahid komandanlığa tabe olan qüdrətli və nizami ordunun formalaşdırılması prosesi həyata keçirildi. Milli Qurtuluş günündə qurulan sarsılmaz təməllər xalqımızı Qələbəyə apardı. Prezident İlham Əliyevin siyasi iradəsi və ordumuzun gücü nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. İndi azad olunmuş əzəli torpaqlarımızda böyük infrastruktur layihələri həyata keçirilir və şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır ki, Azərbaycan tam bütövdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu