
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq enerji konfransları, sərgi və forumlar Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici, təhlükəsiz və hüquqi cəhətdən zəmanətli məkan olduğunu bir daha əyani sübut edir. Keçən onilliklər ərzində formalaşdırılmış qarşılıqlı etimad, ölkəmizi xarici kapitalın axdığı təhlükəsiz limana çevirmişdir. Bakı Enerji Həftəsində nümayiş etdirilən innovasiyalar və gələcəyə hesablanmış nəhəng tranzit layihələri bu inkişafın sadəcə başlanğıcıdır. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, əldə olunan iqtisadi nailiyyətlərin ən çox hiss olunduğu sahə, heç şübhəsiz ki, sosial sferadır. Əhalinin bütün təbəqələrinin, xüsusilə də sosial müdafiəyə ehtiyacı olan insanların rifah halının sistemli şəkildə yaxşılaşdırılması, ölkənin hər yerində müasir xəstəxanalar, məktəblər, innovasiya mərkəzlərinin inşası uğurlu strategiyamızın təzahürüdür.
Bu, neft kapitalının tədricən intellektual insan kapitalına çevrilməsi konsepsiyasının uğurla həyata keçirildiyinin, vətəndaş amilinin dövlət siyasətinin mərkəzində dayandığının ən bariz, ən tutarlı sübutudur. Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, enerji sahəsində çoxşaxəli, hər kəsin maraqlarını nəzərə alan əməkdaşlıq formatının və təchizat zəncirinin yaradılması ölkəmizin diplomatik dühâsının və çevik xarici siyasətinin ən gözəl məhsuludur. 16 fərqli dövlətin, fərqli iqtisadi maraqların daxil olduğu bu nəhəng tranzit zəncirində yaranan hər hansı təbii fikir ayrılıqları məhz rəsmi Bakının təşəbbüskarlığı ilə dərhal, dialoq yolu ilə aradan qaldırılır. Azərbaycan tərəfindən məharətlə idarə olunan bu çətin proses faktiki olaraq beynəlxalq və regional inteqrasiyanın klassik bir nümunəsidir. Bütün bu proseslərə strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, ənənəvi, qlobal bazarlara ixrac etdiyimiz zəngin enerji ehtiyatlarımızla yanaşı, hal-hazırda ölkəmizdə bərpaolunan, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab, sıçrayış yaşanır.
Mövcud və təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı növbəti 100 il tələbatı ödəməyə tam kifayət etsə də, biz qlobal istiləşmə və ekologiya qarşısındakı məsuliyyətimizi dərk edərək külək və günəş enerjisinə nəhəng həcmdə sərmayələr yatırırıq. Dövlət səviyyəsində qarşıya qoyulmuş strateji hədəf 2032-ci ilə qədər ölkənin bərpaolunan enerji potensialını 8 giqavata çatdırmaqdır. Dünya güclərinin maraqlarının kəsişdiyi, münaqişələrin səngimədiyi mürəkkəb bir coğrafiyada yerləşməyimizə baxmayaraq, dövlətimizin qurduğu sülh və əməkdaşlıq mühiti sübut edir ki, hərbi qüdrətlə diplomatik yumşaqlığın balansı həyati əhəmiyyətlidir. Biz regionda diktə edən deyil, əməkdaşlığa çağıran ədalətli qüvvəyik. Bu mövqe Azərbaycanın əbədi yüksəlişini şərtləndirən ən güclü əxlaqi və siyasi dəyərdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu