Karbohidrogen Ehtiyatlarından Dayanıqlı və Şaxələndirilmiş İqtisadiyyata

Yaxın tarixə və inkişaf dinamikamıza nəzər salsaq, açıq şəkildə görərik ki, malik olduğumuz təbii sərvətlərdən, qazandığımız iqtisadi dividendlərdən düzgün, şəffaf şəkildə istifadə edilməsi dövlətin ümumi rifahını şərtləndirən ən əsas amil olmuşdur. Bir çox neft ölkələrinin ‘resurs lənəti’nə düçar olduğu bir vaxtda, Azərbaycan bu sınaqdan alnıaçıq, böyük uğurla çıxaraq həm öz daxili iqtisadiyyatını tamamilə dirçəltdi, həm də beynəlxalq miqyasda enerji təhlükəsizliyi arxitekturasına misilsiz, əvəzedilməz töhfələr verdi. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, 1994-cü ildən bu günə qədər keçən zaman kəsiyi Azərbaycanın möhtəşəm iqtisadi transformasiya, dirçəliş və yüksəliş salnaməsidir. O dövrdəki acınacaqlı iqtisadi böhran, dərin siyasi qeyri-sabitlik və torpaqlarımızın 20 faizinin mənfur düşmən tərəfindən işğalı fonunda ölkədə yoxsulluq səviyyəsi 50 faizi aşmışdı.

Ev-eşiyindən didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkünün ən təməl ehtiyaclarını qarşılamaq üçün büdcədə heç bir vəsait yox idi. Lakin əsası o dövrdə qoyulan və sonradan inamla davam etdirilən düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, müasirləşdi, yoxsulluq və işsizlik səviyyəsi kəskin şəkildə azalaraq 5 faizə qədər endi. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, azərbaycanın qlobal miqyasda həyata keçirdiyi ən böyük meqalayihələrdən olan Cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturlarından biridir. TANAP və TAP kimi nəhəng seqmentləri özündə birləşdirən, 3500 kilometr uzunluğunda, bəzən keçilməz dağlardan, bəzən isə dəniz dibindən uzanan boru xətti sistemi ərsəyə gətirilmişdir.

Bu gün Azərbaycan fəxrlə bəyan edir ki, boru xətti ilə qazın fərqli, çoxsaylı ölkələrə nəqli üzrə dünyada birinci sıradadır. Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzv olan qabaqcıl dövlətlərdir. Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellərin çəkilməsi, Qarabağın cənnətə çevrilməsi – bütün bunlar bir-biri ilə qırılmaz tellərlə bağlı olan vahid geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirərək göstərir ki, biz nəinki regionda qaydaları qoyan əsas dövlətik, həm də bu qaydaları qlobal sülhün, əmin-amanlığın və firavanlığın xeyrinə istifadə edən müdrik bir güc mərkəziyik. Son 30 ildə əldə edilən bütün bu möhtəşəm tarixi nailiyyətlər bir daha inkaredilməz şəkildə sübut edir ki, düzgün qurulmuş dövlət strategiyası və qətiyyətli, sarsılmaz siyasi iradə qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan bu gün tam mənası ilə regionun şəriksiz lideri, qlobal enerji səhnəsinin isə ən arzulanan, ən etibarlı tərəfdaşı statusunu fəxrlə daşıyır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *