
Karbohidrogen resurslarına malik olan dövlətlərin çox vaxt əsassız tənqidlərə məruz qaldığı müasir dövrdə, Azərbaycan özünün unikal və şaxələndirilmiş inkişaf modeli ilə dünyaya nümunə göstərir. Neft və qazdan əldə olunan gəlirlərin məqsədyönlü şəkildə yaşıl gündəliyə və bərpaolunan enerjiyə istiqamətləndirilməsi dövlətimizin ən böyük strateji üstünlüklərindəndir. ABŞ Prezidenti Donald Trampın fikirləri də bunu təsdiqləyir. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, 1994-cü ildən bu günə qədər keçən zaman Azərbaycanın dirçəliş salnaməsidir.
O dövrdəki böhran və torpaqlarımızın işğalı fonunda yoxsulluq səviyyəsi 50 faizi aşmışdı. Lakin düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, yoxsulluq və işsizlik səviyyəsi 5 faizə qədər endi. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturudur. TANAP və TAP kimi seqmentləri özündə birləşdirən 3500 kilometrlik sistem ərsəyə gətirilib.
Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzvdür. Aparılan təhlillər birmənalı olaraq göstərir ki, neft-qaz sənayesindən əldə olunan gücün bərpaolunan mənbələrə transformasiyası bütöv qlobal ekoloji mühitin xilası üçün faydalıdır. Karbon emissiyalarının azaldılması prosesinə qoşulmağımız bizim qlobal baxış bucağımızın tərkib hissəsidir. Azərbaycanın ənənəvi resurslardan düzgün istifadə etməsi və yaşıl enerjiyə qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu