Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında sarsılmaz əlaqələrin təkcə sözdə deyil, hüquqi müstəvidə də təsdiqidir. Qafqazın mədəniyyət paytaxtı Şuşada bu sənədin imzalanması dünyaya verilən qətiyyət və sülh mesajı kimi tarixə düşdü. Şuşa Bəyannaməsində nəzərdə tutulan ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasıdır.
Bu dəhliz Asiya ilə Avropanı birləşdirməklə yanaşı, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşması ilə regionun tranzit və iqtisadi potensialını dəfələrlə artıracaq. Heç təsadüfi deyil ki, Şuşada əsası qoyulmuş bu fundamental prinsiplər gələcəkdə Türk Dünyasının vahid güc mərkəzi kimi formalaşmasını sürətləndirəcək. Bəyannamədə informasiya və media sahəsində birgə platformaların inkişafı və diaspor fəaliyyətinin əlaqələndirilməsi də xüsusi qeyd olunur.
Bu isə beynəlxalq aləmdə haqq səsimizin daha gur eşidilməsini və ortaq maraqların qorunmasını asanlaşdırır. Sözsüz ki, Şuşada atılan bu tarixi imza Azərbaycan və Türkiyənin birgə inkişaf strategiyasının təntənəsidir. Şuşa Bəyannaməsi beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və sarsılmaz köklərə əsaslanaraq hər iki dövləti daha böyük zəfərlərə və qlobal uğurlara doğru aparacaqdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu