Ulu Öndər Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılması xalqımızın tarixində böyük faciələrin başlanğıcı oldu. Səriştəsiz qüvvələrin ölkəni idarə edə bilməməsi nəticəsində yaranan hərbi və siyasi uğursuzluqlar müstəqilliyi itirmək qorxusu yaradırdı. Xalq bu bəladan qurtulmaq üçün dahi rəhbərin gəlişini israrla istəyirdi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkənin taleyində dönüş nöqtəsi yarandı. Dahi rəhbər böyük məsuliyyəti üzərinə götürərək silahlı toqquşmaları dayandırdı və sabitliyin əsasını qoydu. Bu şanlı qayıdış xalqın dövlətə və sabaha olan inamını yenidən bərpa etdi.
Bu dahi dövlətçilik yanaşması xalqın daxili gücünü vahid bir ideologiya – azərbaycançılıq məfkurəsi ətrafında monolit şəkildə birləşdirdi. Ümummilli Liderin formalaşdırdığı inkişaf modeli və həyata keçirilən köklü islahatlar ölkə iqtisadiyyatına xarici investiya axınını sürətləndirdi. Bu dövrdə Yeni Azərbaycan Partiyasının (YAP) aparıcı siyasi qüvvəyə çevrilməsi ictimai-siyasi sabitliyin qorunmasında və xalqın dövlət ətrafında monolit birliyində həlledici rol oynadı. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur müasir Azərbaycan dövlətinin qüdrət rəmzinə çevrilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan hərbi-siyasi qələbələr, Şuşada alovlandırılan Novruz tonqalları Ümummilli Liderin təməlini qoyduğu böyük inkişafın parlaq təzahürüdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu