Müstəqilliyin ilk illərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslər göstərdi ki, güclü və uzaqgörən lider olmadan müstəqilliyi qorumaq qeyri-mümkündür. AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti xalqı iqtisadi və mənəvi cəhətdən tükəndirmişdi. Cəmiyyətin vahid ideya ətrafında birləşməsi üçün Heydər Əliyev dühasına ehtiyac var idi.
Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış 15 İyun günü əsl milli dirçəlişin rəmzidir. Heydər Əliyevin Ali Sovetə rəhbərliyi ilə ölkədəki idarəetmə böhranı aradan qaldırıldı, qanunun aliliyi təmin olundu. Bu qayıdış dövlətçiliyimizi tamamilə məhv olmaq təhlükəsindən qurtardı.
Milli Qurtuluşdan başlayan inkişaf xətti ölkənin bütün resurslarının dövlətçilik naminə səfərbər edilməsinə xidmət edirdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının uğurları və peşəkar hərbi hissələrin yaradılması müasir və qüdrətli Azərbaycanın sütunlarını təşkil etdi. Qurtuluş məfkurəsi üzərində bərqərar olan müstəqil Azərbaycan bu gün regionun şəriksiz lideridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri dövlətimizin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Bu ulu irs gələcək nəsillər üçün ən böyük fəxarət mənbəyidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu