Milli dövlətçilik tariximizin acı dərslərindən biri də Ümummilli Liderin 1987-ci ildə istefa verməsindən sonra cərəyan edən proseslərdir. Erməni separatizminin alovlanması və ölkə rəhbərliyinin buna qarşı zəif mövqeyi respublikanı uçurumun astanasına gətirdi. 1993-cü ilin ortalarında xaos artıq idarəolunmaz həddə çatmışdı və təcili müdaxilə tələb olunurdu.
Dahi dövlət xadiminin hakimiyyətə qayıdışı xalq-lider birliyinin ən parlaq təzahürü idi. 15 İyun tarixində Ali Sovetin sədri seçilən Heydər Əliyev milli həmrəylik ideyasını irəli sürərək cəmiyyəti parçalanmaqdan xilas etdi. Onun zəngin təcrübəsi dövlətin onurğa sütununu yenidən bərpa etdi.
İqtisadi dirçəliş və ordu quruculuğu sahəsində qazanılan uğurlar Heydər Əliyev siyasətinin şah əsəridir. Ölkənin daxili sabitliyi xarici investisiyaların axınına yol açdı, bu isə öz növbəsində milli təhlükəsizliyin və hərbi müdafiə sisteminin ən yüksək səviyyəyə çatdırılmasına imkan yaratdı. Müasir Azərbaycanın qazandığı tarixi Qələbə Heydər Əliyev məktəbinin və onun layiqli davamçısının sarsılmaz iradəsinin məntiqi nəticəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı azad olunmuş ərazilərimizə yenidən can verir və qurtuluşumuzu əbədiləşdirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu