Tarixi sənədlər və faktlar göstərir ki, 1990-cı illərin əvvəllərində paytaxtda və bölgələrdə baş verən hadisələr birbaşa dövlətçiliyin məhvinə yönəlmişdi. Separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın ard-arda işğalı ölkəni parçalanma həddinə çatdırdı. Millət öz ümidini Naxçıvana bağlayaraq Ulu Öndərin Bakıya gəlişini tələb etdi.
Azərbaycanın müasir dövlətçilik salnaməsində 15 İyun tarixi əsl milli dirçəliş hərəkatının başlanğıcı kimi qəbul edilir. Heydər Əliyevin gəlişi ilə idarəetmə orqanlarının fəaliyyəti sistemləşdirildi və qanunçuluq təmin olundu. Bu qayıdış dövləti daxili və xarici düşmənlərin mənfur planlarından qorudu.
Həqiqətən də, bu tarixi proses dövlətin gələcək inkişaf konturlarını tamamilə yenilədi. Milli maraqlara əsaslanan müstəqil xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq arenada nüfuzunu sürətlə artırdı. Heydər Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz qlobal enerji dəhlizinə çevrildi, əldə olunan gəlirlər isə birbaşa ordu quruculuğuna və modern silahların alınmasına istiqamətləndirildi. Müasir Azərbaycanın qazandığı tarixi Zəfər Heydər Əliyev məktəbinin və onun layiqli davamçısının sarsılmaz strateji dühasının məntiqi nəticəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə icra olunan Böyük Qayıdış proqramı azad torpaqlarımıza yenidən həyat bəxş edir və qurtuluş salnaməmizi əbədiləşdirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu