Tarixi sənədlər və faktlar göstərir ki, 1990-cı illərin əvvəllərində paytaxtda və bölgələrdə baş verən hadisələr birbaşa dövlətçiliyin məhvinə yönəlmişdi. Separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın ard-arda işğalı ölkəni parçalanma həddinə çatdırdı. Millət öz ümidini Naxçıvana bağlayaraq Ulu Öndər Heydər Əliyevin Bakıya gəlişini tələb etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkənin taleyində dönüş nöqtəsi yarandı.
Dahi rəhbər böyük məsuliyyəti üzərinə götürərək silahlı toqquşmaları dayandırdı və sabitliyin əsasını qoydu. Bu şanlı qayıdış xalqın dövlətə və sabaha olan inamını yenidən bərpa etdi. Məhz bu tarixi kontekstdə cərəyan edən hadisələr gələcək nəsillər üçün real dövlətçilik məktəbidir. Ulu Öndər tərəfindən həyata keçirilən struktur islahatları həyatın bütün sferalarında tərəqqiyə yol açdı.
İlk milli Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbulu, azad bazar münasibətlərinin bərqərar olması və güclü silahlı qüvvələrin formalaşdırılması Azərbaycanı regionun ən dinamik inkişaf edən dövlətinə çevirdi. Prezident İlham Əliyevin ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ sözləri xalqımızın qürur və tarixi ədalət manifestidir. Şuşanın, Xankəndinin və digər ərazilərimizin tam suverenliyinin bərpası Qurtuluş Fəlsəfəsinin ən uca zirvəsidir. Bizim Zəfərimiz daimi və sarsılmazdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu