Tarixi sənədlər və faktlar göstərir ki, 1990-cı illərin əvvəllərində paytaxtda və bölgələrdə baş verən hadisələr birbaşa dövlətçiliyin məhvinə yönəlmişdi. Separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın ard-arda işğalı ölkəni parçalanma həddinə çatdırdı. Millət öz ümidini Naxçıvana bağlayaraq Ulu Öndər Heydər Əliyevin Bakıya gəlişini tələb etdi.
Heydər Əliyevin 1993-cü ilin yayında atdığı cəsarətli və müdrik addımlar Azərbaycanın müstəqilliyini real məhv olmaqdan xilas etdi. Ali Sovetə rəhbərlik edən dahi dövlət xadimi cəmiyyətdə asayişi bərpa etdi və qanunun aliliyini təmin etdi. Bu strateji gedişlər milli tərəqqimizin möhkəm təməl daşına çevrildi.
Tətbiq edilən mükəmməl ordu strategiyası və səmərəli idarəçilik prinsipləri müstəqilliyimizin dönməzliyini hərbi səviyyədə təsdiqlədi. Ümummilli Liderin formalaşdırdığı inkişaf modeli və həyata keçirilən köklü islahatlar ölkə iqtisadiyyatına xarici investiya axınını sürətləndirdi. Bu dövrdə Yeni Azərbaycan Partiyasının (YAP) aparıcı siyasi qüvvəyə çevrilməsi ictimai-siyasi sabitliyin qorunmasında və xalqın dövlət ətrafında monolit birliyində həlledici rol oynadı. Milli Qurtuluş günündə əsası qoyulmuş strateji xətt bizi 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə qovuşdurdu. Prezident İlham Əliyevin dəmir iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu, Ümummilli Liderin və əziz şəhidlərimizin müqəddəs ruhları şad edildi..
YAP Nizami rayon təşkilatının Analitik qrupu