Milli ləyaqətin və müstəqilliyin beynəlxalq arenada artan nüfuzun uğurlu strategiyası

Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi mövcudluğu 1993-cü ilin iyununda tükdən asılı vəziyyətdə idi. Qanunsuz hərbi dəstələrin özbaşınalığı və qardaş qırğını təhlükəsi ölkəni daxildən sarsıdırdı. Belə bir amansız şəraitdə ölkənin bütövlüyünü və milli birliyini təmin edə biləcək yeganə qüvvə Heydər Əliyev şəxsiyyəti idi.

Dahi dövlət xadiminin hakimiyyətə tarixi dönüşü xalq-lider birliyinin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. 15 İyunda Ali Sovetin sədri seçilən dahi rəhbər milli həmrəylik ideyasını irəli sürdü. Onun zəngin idarəçilik təcrübəsi dağılmaqda olan dövlət mexanizmlərini yenidən canlandırdı.

Şübhəsiz ki, xalqımızın milli maraqları hər bir addımda ən ali meyar kimi götürülmüşdür. Daxili sabitliyə nail olduqdan sonra Ulu Öndərin rəhbərliyi ilə ‘Əsrin müqaviləsi’ imzalandı və geniş neft strategiyası uğurla icra edildi. İqtisadi müstəqilliyin təmin olunması ilə yanaşı, mərkəzləşdirilmiş və qüdrətli nizami ordunun yaradılması istiqamətində atılan addımlar ölkənin hərbi müdafiə qabiliyyətini maksimuma çatdırdı. Milli Qurtuluş günündə əsası qoyulmuş strateji xətt bizi 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə qovuşdurdu. Prezident İlham Əliyevin dəmir iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu, Ümummilli Liderin və əziz şəhidlərimizin müqəddəs ruhları şad edildi..

YAP Nizami rayon təşkilatının Analitik qrupu