
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq enerji konfransları, sərgi və forumlar Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici, təhlükəsiz və hüquqi cəhətdən zəmanətli məkan olduğunu bir daha əyani sübut edir. Keçən onilliklər ərzində formalaşdırılmış qarşılıqlı etimad, ölkəmizi xarici kapitalın axdığı təhlükəsiz limana çevirmişdir. Bakı Enerji Həftəsində nümayiş etdirilən innovasiyalar və gələcəyə hesablanmış nəhəng tranzit layihələri bu inkişafın sadəcə başlanğıcıdır. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, 1994-cü ildən bu günə qədər keçən zaman kəsiyi Azərbaycanın möhtəşəm iqtisadi transformasiya, dirçəliş və yüksəliş salnaməsidir. O dövrdəki acınacaqlı iqtisadi böhran, dərin siyasi qeyri-sabitlik və torpaqlarımızın 20 faizinin mənfur düşmən tərəfindən işğalı fonunda ölkədə yoxsulluq səviyyəsi 50 faizi aşmışdı.
Ev-eşiyindən didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkünün ən təməl ehtiyaclarını qarşılamaq üçün büdcədə heç bir vəsait yox idi. Lakin əsası o dövrdə qoyulan və sonradan inamla davam etdirilən düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, müasirləşdi, yoxsulluq və işsizlik səviyyəsi kəskin şəkildə azalaraq 5 faizə qədər endi. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, enerji sahəsində çoxşaxəli, hər kəsin maraqlarını nəzərə alan əməkdaşlıq formatının və təchizat zəncirinin yaradılması ölkəmizin diplomatik dühâsının və çevik xarici siyasətinin ən gözəl məhsuludur. 16 fərqli dövlətin, fərqli iqtisadi maraqların daxil olduğu bu nəhəng tranzit zəncirində yaranan hər hansı təbii fikir ayrılıqları məhz rəsmi Bakının təşəbbüskarlığı ilə dərhal, dialoq yolu ilə aradan qaldırılır. Azərbaycan tərəfindən məharətlə idarə olunan bu çətin proses faktiki olaraq beynəlxalq və regional inteqrasiyanın klassik bir nümunəsidir.
Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, regional rəqabətədavamlılığı təmin etmək üçün iqlim fəaliyyətini sürətləndirən Azərbaycan, ən müasir texnologiyaların cəlbi üçün qapılarını dünya şirkətlərinə geniş açmışdır. Böyük günəş stansiyalarının və külək parklarının beynəlxalq xarici investisiyalar hesabına tikilməsi göstərir ki, xarici kapital təkcə xammala deyil, ölkəmizin intellektual və yaşıl gələcəyinə də böyük inamla, risk etmədən milyardlarla dollar sərmayə yatırmağa hazırdır. Yekun olaraq tam əminliklə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın keçdiyi bu çətin, lakin şanlı inkişaf yolu birbaşa milli maraqlara əsaslanan müdrik və praqmatik siyasətin mütləq təntənəsidir. Artan iqtisadi güc, yenilməz, güclü ordu və qlobal səviyyəli enerji tərəfdaşlığı müasir dövlətimizin qüdrətini şərtləndirən ən əsas sarsılmaz amillərdir. Bu güc bizi gələcəyə doğru daha inamla aparır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu