Müstəqillik tariximizin ilkin illəri respublikamız üçün çox ağır sınaqlar və kəskin siyasi böhranla yadda qaldı. 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin istefa verməsi ilə xalqımızın faciələri başladı. AXC-Müsavat iqtidarının yürütdüyü yarıtmaz və səriştəsiz siyasət, eyni zamanda ölkədəki anarxiya, xaos dövlətimizi iflas həddinə çatdırmışdı. Azərbaycan belə bir vəziyyətdə yalnız bir xilaskara, tarixi şəxsiyyət Heydər Əliyevə ehtiyac duyurdu.
Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev, iyunun 15-də Ali Sovetin sədri seçildi. Məhz bu tarixi gündən etibarən Azərbaycanın tənəzzül və xaos dövrü başa çatdı. Dövlət həyatında köklü islahatlara başlanıldı, asayiş və qayda-qanun bərqərar edildi, silahlı dəstələr dərhal tərksilah edildi. Həqiqətən də, cəmiyyətimiz o ağır günlərdə göstərdiyi müdrikliklə öz xilaskarını düzgün seçməyi bacardı.
İqtisadi dirçəliş prinsipləri ordu quruculuğu sahəsi ilə birbaşa sintez təşkil edirdi. Azərbaycan iqtisadi baxımdan gücləndikcə hərbi qüdrətini də artırır, beynəlxalq arenada prinsipial mövqeyini inamla nümayiş etdirirdi. Ulu Öndərin həyata keçirdiyi müstəqil siyasət Azərbaycanı qlobal güclərin etibarlı tərəfdaşına çevirdi. Milli Qurtuluş günündə qurulan sarsılmaz təməllər xalqımızı Qələbəyə apardı. Prezident İlham Əliyevin siyasi iradəsi və ordumuzun gücü nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. İndi azad olunmuş əzəli torpaqlarımızda böyük infrastruktur layihələri həyata keçirilir və şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır ki, Azərbaycan tam bütövdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu