Tarixi reallıqlar sübut edir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən dərin iqtisadi və siyasi böhran respublikanın mövcudluğunu sual altına almışdı. Ölkənin müxtəlif bölgələrində fəallaşan separatçı silahlı qruplaşmalar hakimiyyət uğrunda açıq mübarizəyə başlamışdılar. Parçalanmaqda olan ölkəni vətəndaş müharibəsindən qurtarmaq üçün xalq öz liderini, Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.
Hakimiyyətə qayıdan Heydər Əliyev bəyan etdi ki, onun fəaliyyəti yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır. Doğrudan da, 15 İyun 1993-cü ildən etibarən ölkə daxilində vətəndaş həmrəyliyi təmin olundu, cəmiyyəti fəlakətə sürükləyən bütün proseslərin qarşısı qətiyyətlə alındı. Həqiqətən də, cəmiyyətimiz o ağır günlərdə göstərdiyi müdrikliklə öz xilaskarını düzgün seçməyi bacardı.
Sabitlik yarandıqdan dərhal sonra iqtisadi islahatlara start verildi. ‘Əsrin müqaviləsi’nin imzalanması ilə neft strategiyası uğurla işə salındı, ölkənin iqtisadi müstəqilliyi təmin edildi. Eyni zamanda, vahid komandanlığa tabe olan qüdrətli və nizami ordunun formalaşdırılması prosesi həyata keçirildi. Böyük qürur və iftixar hissi ilə vurğulayırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndərin siyasi kursunun uğurlu davamıdır. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan Şuşanı və Qarabağı azad edərək, bu gün Şuşada, Xankəndidə Novruz tonqalları alovlandırır, Böyük Qayıdışı uğurla reallaşdırır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu