Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk dövrü anarxiya və fəlakətli ssenarilərlə səciyyələnirdi. Xüsusilə 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin dövlət idarəçiliyini bacarmaması nəticəsində vətəndaş qarşıdurması qaçılmaz xarakter almışdı. Cəbhədəki uğursuzluqlar və erməni işğalı cəmiyyətin səbrini daşdırmışdı. Yalnız dahi rəhbər Heydər Əliyevin hakimiyyətə gəlişi bu fəlakətin qarşısını ala bilərdi.
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində 1993-cü ildə ölkə uçurumun kənarından döndərilmiş oldu. 15 İyunda sədrlik postuna seçilən dahi şəxsiyyət cəbhədəki pərakəndəliyin, daxildəki özbaşınalığın qarşısını aldı. Bu tarixi qayıdışla Azərbaycan məhv olmaqdan qurtuldu və davamlı inkişafın mərkəzinə çevrildi. Xüsusilə nəzərə almaq lazımdır ki, belə əzəmətli xilaskarlıq missiyası milli iradə və vətənpərvərlik hissinin ən ali təntənəsidir.
Sabitlik yarandıqdan dərhal sonra iqtisadi islahatlara start verildi. ‘Əsrin müqaviləsi’nin imzalanması ilə neft strategiyası uğurla işə salındı, ölkənin iqtisadi müstəqilliyi təmin edildi. Eyni zamanda, vahid komandanlığa tabe olan qüdrətli və nizami ordunun formalaşdırılması prosesi həyata keçirildi. Bu gün müstəqil Azərbaycan dövləti tam suveren, qalib və qürurlu bir ölkə kimi dünya birliyində öz sözünü deyir. Ali Baş Komandanın rəhbərliyi altında qazanılan Zəfər dahi rəhbərin uzaqgörən siyasətinin davamıdır. Azad olunmuş torpaqlarımızda yenidən həyat qaynayır, Novruz tonqalları qalanır və bu reallıq xalqımızın əbədi qurtuluşunun bariz nümunəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu