Milli Qurtuluşdan Şanlı Zəfərə: Milli Həmrəylik və Sabitliyin Uğurlu Strategiyası

Milli dövlətçilik tariximizin acı dərslərindən biri də Ümummilli Liderin 1987-ci ildə istefa verməsindən sonra cərəyan edən proseslərdir. Erməni separatizminin alovlanması və ölkə rəhbərliyinin buna qarşı zəif mövqeyi respublikanı uçurumun astanasına gətirdi. 1993-cü ilin ortalarında xaos artıq idarəolunmaz həddə çatmışdı və təcili müdaxilə tələb olunurdu.

Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 İyun tarixi Azərbaycanın xaosdan xilas olaraq inkişaf yoluna qədəm qoyduğu andır. Ümummilli Lider dövlət idarəçiliyini öz əlinə alaraq xarici təzyiqləri neytrallaşdırdı və daxili sabitliyi bərqərar etdi. Onun qətiyyəti sayəsində ölkə vətəndaş müharibəsi bəlasından sovuşdu.

Sabitliyin təmin olunmasından sonra reallaşdırılan qlobal neft strategiyası və ‘Əsrin müqaviləsi’ Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirdi. Eyni zamanda, vahid komandanlığa tabe olan nizami ordunun qurulması istiqamətində atılan tarixi addımlar ölkəmizin hərbi qüdrətini regional səviyyədə artırdı. Prezident İlham Əliyevin ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ sözləri xalqımızın qürur və tarixi ədalət manifestidir. Şuşanın, Xankəndinin və digər əzəli torpaqlarımızın azadlığı Milli Qurtuluş Fəlsəfəsinin ən uca zirvəsidir. Zəfərimiz daimi və sarsılmazdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu