Tarixi faktlar sübut edir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən böhran həm də bir idarəetmə böhranı idi. Dövlət institutlarının iflic olması, separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın işğalı ölkəni parçalanma ssenarisi ile üz-üzə qoydu. Millət öz xilaskarını Naxçıvanda axtarır və Onun Bakıya gəlişini səbirsizliklə gözləyirdi.
Dahi dövlət xadiminin hakimiyyətə qayıdışı xalq-lider birliyinin ən parlaq təzahürü idi. 15 İyun tarixində Ali Sovetin sədri seçilən Heydər Əliyev milli həmrəylik ideyasını irəli sürərək cəmiyyəti parçalanmaqdan xilas etdi. Onun zəngin təcrübəsi dövlətin onurğa sütununu yenidən bərpa etdi.
Ulu Öndərin formalaşdırdığı inkişaf strategiyası həyatın bütün sahələrini əhatə edirdi. İlk milli Konstitusiyanın qəbulu, iqtisadiyyatın liberallaşdırılması və nizam-intizamlı ordunun yaradılması dövlətimizin beynəlxalq arenada etibarlı bir subyekt kimi tanınmasını təmin etdi. Milli Qurtuluş günündən başlayan şanlı yol bizi 44 günlük Vətən müharibəsinin möhtəşəm Zəfərinə çatdırdı. Prezident İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olundu, Ümummilli Liderin və bütün şəhidlərimizin müqəddəs ruhları şad edildi..
YAP Nizami rayon təşkilatının Analitik qrupu