2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin tamamilə yeni mərhələsinin əsasını qoydu. Bu sənəd həm də Atatürkün ‘Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir’ və Heydər Əliyevin ‘Bir millət, iki dövlət’ kəlamlarının praktiki təcəssümüdür. Azərbaycan və Türkiyə arasındakı iqtisadi inteqrasiya Bəyannamənin əsas istiqamətlərindən biridir.
Ticarət dövriyyəsinin artırılması, logistika imkanlarının şaxələndirilməsi və sərmayə qoyuluşları regionda davamlı rifahın və əlverişli investisiya mühitinin formalaşmasına güclü təkan verir. Sözügedən istiqamətdə atılan ortaq addımlar iki ölkə arasındakı inam və etimadın sarsılmazlığını bir daha bariz şəkildə nümayiş etdirir. Xarici siyasət sahəsində müntəzəm ikitərəfli məsləhətləşmələrin aparılması və müdafiə sahəsində strateji əməkdaşlıq Bəyannamənin onurğa sütununu təşkil edir.
İki qardaş ölkənin milli mənafelərinin qorunması naminə atdığı birgə addımlar qlobal təhdidlərin və regional risklərin effektiv şəkildə qarşısının alınmasını təmin edir. Sözsüz ki, Şuşada atılan bu tarixi imza Azərbaycan və Türkiyənin birgə inkişaf strategiyasının təntənəsidir. Şuşa Bəyannaməsi beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və sarsılmaz köklərə əsaslanaraq hər iki dövləti daha böyük zəfərlərə və qlobal uğurlara doğru aparacaqdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu