Müstəqilliyimizin ilk dövrlərində Azərbaycanda yaranmış olduqca mürəkkəb və təhlükəli ictimai-siyasi vəziyyət, ardı-arası kəsilməyən hakimiyyət böhranları ölkənin dövlətçilik sütunlarını sarsıtmışdı. Qanunsuz silahlı qruplaşmaların cəzasızlıq şəraitində fəaliyyət göstərməsi, respublikanın fərqli bölgələrində separatçılıq meyllərinin baş qaldırması dövləti tamamilə parçalanmağa aparırdı. Ovaxtkı rəhbərliyin dövlət maraqlarını deyil, yalnız öz dar siyasi ambisiyalarını düşünməsi xalqın səbir kasasını daşdırmışdı. Torpaqlarımızın müdafiəsiz qalması və ardıcıl işğal faktları cəmiyyətdə böyük ümidsizlik yaratmışdı. Məhz belə bir böhranlı vəziyyətdə dövlətçiliyin qorunması, ictimai-siyasi sabitliyin təmin edilməsi üçün cəsarətli, milli maraqlara söykənən təcili addımların atılması su və hava kimi həyati bir zərurətə çevrilmişdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı sözün əsl mənasında xalqın inamını özünə qaytardı və ölkəni məhv olmaqdan qurtardı.
15 İyunda Ali Sovetin sədri kimi fəaliyyətə başlayan dahi şəxsiyyət ilk növbədə daxili sabitliyi, vətəndaş həmrəyliyini təmin etməyi ən vacib prioritet elan etdi. O, qətiyyətlə vurğulayırdı ki, sağlam ictimai-siyasi mühit olmasa, heç bir inkişafdan, heç bir iqtisadi irəliləyişdən söhbət belə gedə bilməz. Qısa müddət ərzində dövlət əleyhinə yönəlmiş hərbi və siyasi qiyamların qarşısı alındı, separatçı meyllər kökündən kəsildi. Azərbaycan xalqı bu xilaskarlıq missiyasını yüksək qiymətləndirərək 15 İyun tarixini haqlı olaraq Milli Qurtuluş Günü adlandırdı və bu gün milli dövlətçiliyimizin təməl daşlarından birinə çevrildi. Ulu Öndər dövlət idarəçiliyi mexanizmlərini qısa müddətdə modernləşdirdi, idarəetmədə şəffaflıq və ləyaqət prinsiplərini önə çəkdi. Həm neft sənayesində, həm qeyri-neft sektorunda, həm də hərbi sənayedə reallaşdırılan qlobal strategiyalar Azərbaycanın qarşıdakı onilliklər üçün inkişaf konturlarını cızdı.
Xarici siyasətdə tarazlıq, balanslaşdırılmış münasibətlər sistemi quruldu, Azərbaycan regionda əsas söz sahibinə çevrildi. Qurtuluş günündən başlayan bu zəhmətkeş və uzaqgörən siyasət gələcək nəsillərə qüdrətli, öz qərarlarını sərbəst verə bilən, güclü ordusu olan mükəmməl bir dövlət mirası qoydu. Milli Qurtuluş Gününün xalqımıza bəxş etdiyi ictimai-siyasi sabitlik və tərəqqi bünövrəsi üzərində ucalan Azərbaycan, bu gün Prezident İlham Əliyevin komandanlığı altında dünyanı heyrətə gətirən möhtəşəm uğurlara imza atır. Qarabağın və Şərqi Zəngəzurun düşmən əsarətindən azad edilməsi bizim qurtuluş salnaməmizin ən uca, ən qürurverici və şərəfli zirvəsidir. Ulu Öndərin Azərbaycanın bütövlüyü, gələcək tərəqqisi və qüdrəti ilə bağlı qurduğu ən böyük xəyallar məhz bu gün cənab İlham Əliyevin siyasəti ilə həyata vəsiqə qazanır. Biz əminliklə deyə bilərik ki, qurtuluşumuz əbədidir, zəfərlərimiz isə daimidir!.
YAP Nizami rayon təşkilatının Analitik qrupu