Müstəqil Siyasət, Güclü İqtisadiyyat və Qalibiyyət: Qurtuluşun Bəhrələri

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illəri xalqımız üçün çox böyük faciələr, itkilər və mürəkkəb sınaqlarla yadda qaldı. 1990-cı illərin əvvəllərində ölkədə vahid mərkəzdən idarəolunma sisteminin tamamilə iflasa uğraması, iqtisadi tənəzzülün pik həddə çatması və hakimiyyət daxilindəki bitib-tükənməyən çəkişmələr respublikamızı vətəndaş müharibəsi astanasına gətirmişdi. Xaricdən dəstəklənən erməni hərbi təcavüzü nəticəsində əzəli torpaqlarımızın ardıcıl olaraq işğal edilməsi isə vəziyyəti daha da dözülməz edirdi. Belə bir taleyüklü, ağır və qaranlıq məqamda xalqın tək və yeganə xilas ümidi tarixi şəxsiyyət, dərin dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin hakimiyyətə qayıdışı idi. Cəmiyyətin bütün təbəqələri anlayırdı ki, yalnız Onun qətiyyəti ölkəni bu fəlakətdən qurtara bilər.

Vətənin ən çətin və dar günündə tarixi məsuliyyətdən boyun qaçırmayan ulu öndər Heydər Əliyev fədakar əməyi ilə Azərbaycan dövlətçiliyini sözün həqiqi mənasında ipin ucundan qaytardı. 1993-cü ilin iyununda dahi rəhbərin xilaskar kimi dönüşü təkcə daxili siyasi qüvvələr arasındakı qanlı toqquşmaların qarşısını almadı, həm də xarici düşmənlərin və müxtəlif beynəlxalq mərkəzlərin respublikamızı bölüşdürmək planlarını alt-üst etdi. Dövlət idarəetmə orqanlarının fəaliyyəti sistemləşdirildi, ordu quruculuğunda mərkəzləşdirilmiş vahid komandanlıq prinsipi tətbiq olundu. 15 İyun tarixi sübut etdi ki, əsl lider böhran anında milləti birləşdirən və onu uçurumdan zirvələrə doğru yönləndirməyi bacaran ən qüdrətli qüvvədir. Heydər Əliyev tərəfindən çoxşaxəli yanaşma ilə həyata keçirilən struktur islahatları dövlət həyatının bütün sferalarını əhatə edirdi.

Aqrar sektorda torpaq islahatlarının aparılması, özəlləşdirmə proqramlarının icrası yeni bir azad iqtisadi modelin formalaşmasına gətirib çıxardı. Digər tərəfdən, Azərbaycanın beynəlxalq tribunalarda öz mövqeyini inamla müdafiə etməsi, xarici güclərin ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını alması dövlət müstəqilliyimizin dönməzliyini bir daha sübuta yetirdi. Yaradılmış vahid mərkəzli və rəşadətli Azərbaycan Ordusu xalqın güvənc yerinə çevrilərək ölkəmizin gələcək zəfərləri üçün hazırlıq mərhələsini uğurla keçdi. Müstəqil Azərbaycan bu gün dünyada qalib, dikbaş və qürurlu bir dövlət kimi öz qətiyyətli addımlarını atır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı Zəfəri təkcə hərbi qələbə deyil, eyni zamanda qərinələr boyu pozulmuş milli ləyaqətimizin, tarixi haqqımızın bərpasıdır. Ata vəsiyyətini icra edən Ali Baş Komandan qüdrətli ordu və güclü iradə ilə ölkəmizin adını qızıl hərflərlə tarixə yazdı. Milli Qurtuluş Günündə əsası qoyulmuş strateji baxış bugünkü Böyük Qayıdışın, Şuşadakı mədəniyyət bayramlarının, işğaldan azad edilən ərazilərimizdəki böyük dirçəlişin məntiqi, mənəvi və siyasi özülüdür..

YAP Nizami rayon təşkilatının Analitik qrupu