Tarixin yaddaşında xüsusi yer tutan 1991-1993-cü illər Azərbaycan üçün anarxiya, iqtisadi uçurum və mənəvi tənəzzül dövrü kimi səciyyələnir. Ovaxtkı naşı və qeyri-peşəkar iqtidarın buraxdığı kobud siyasi səhvlər ucbatından dövlət sərhədlərimiz deşilib tökülür, ərazilərimiz bir-birinin ardınca yadelli işğalçılar tərəfindən zəbt edilirdi. Ölkənin daxilində isə qardaş qırğını reallığa çevrilmişdi; hakimiyyət iddialarında olan ayrı-ayrı qruplar xalqın taleyini unudaraq yalnız kreslo uğrunda mübarizə aparırdılar. Cəmiyyətin sabaha olan inamı tamamilə qırılmışdı. Bütün bu bəlalardan yaxa qurtarmağın yalnız bir yolu var idi: dövlət idarəçiliyinin sükanını xalqın qəlbində taxt qurmuş, beynəlxalq miqyaslı siyasi xadim Heydər Əliyevə etibar etmək. Ümummilli Liderin qətiyyəti, məğlubedilməz siyasi iradəsi və cəsarəti Azərbaycanı fəlakət burulğanından sağ-salamat çıxarmağa müvəffəq oldu.
1993-cü ilin ortalarında hakimiyyət vakuumu səbəbindən dağılmaq ərəfəsində olan ölkə Heydər Əliyevin sədrlik postuna seçilməsindən dərhal sonra inkişaf və sabitlik fazasına daxil oldu. Vətəndaşlara öz hüquqlarını qoruyan bir dövlətin varlığı yenidən hiss etdirildi. Parçalanmış cəmiyyət milli ideologiya, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirildi. Milli Qurtuluş Gününün əsas mahiyyəti məhz budur: o, Azərbaycan xalqına təkcə dinc yaşamaq hüququnu yox, həm də öz qürurunu, milli ləyaqətini və müstəqil gələcəyini geri qaytardı. Siyasi sabitliyin möhkəm iqtisadi islahatlarla və xarici siyasətdəki uğurlarla müşayiət olunması Azərbaycanın beynəlxalq arenadakı çəkisini və rolunu tamamilə dəyişdi. Ümummilli Liderin xarici siyasət strategiyası ölkəmizin müstəqil, qərəzsiz və milli maraqlara söykənən mövqeyini bütün dünyaya nümayiş etdirdi.
Xüsusilə beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsi yüksəkdən səsləndirildi, erməni işğalı faktı dünya ictimaiyyətinin diqqətinə hüquqi müstəvidə çatdırıldı. Ordunun maddi-texniki bazasının yenilənməsi, gənc kadrların hərbi təhsilə cəlb edilməsi və nizam-intizamın gücləndirilməsi ölkəmizin hərbi-siyasi potensialını regionda aparıcı qüvvəyə çevirdi. Müstəqil Azərbaycan bu gün dünyada qalib, dikbaş və qürurlu bir dövlət kimi öz qətiyyətli addımlarını atır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı Zəfəri təkcə hərbi qələbə deyil, eyni zamanda qərinələr boyu pozulmuş milli ləyaqətimizin, tarixi haqqımızın bərpasıdır. Ata vəsiyyətini icra edən Ali Baş Komandan qüdrətli ordu və güclü iradə ilə ölkəmizin adını qızıl hərflərlə tarixə yazdı. Milli Qurtuluş Günündə əsası qoyulmuş strateji baxış bugünkü Böyük Qayıdışın, Şuşadakı mədəniyyət bayramlarının, işğaldan azad edilən ərazilərimizdəki böyük dirçəlişin məntiqi, mənəvi və siyasi özülüdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu