2021-ci il iyunun 15-i Azərbaycan-Türkiyə münasibətləri tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin gün Şuşa şəhərində imzalanan Bəyannamə iki qardaş dövlətin sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Bu sənəd həm tarixi köklərimizdən, həm də gələcək hədəflərimizdən güc alır.
Sənəddə xüsusilə Zəngəzur dəhlizinin açılmasına önəm verilir. Bu dəhliz regionun tranzit potensialını xeyli artıracaq, eyni zamanda Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrasına təkan verəcəkdir. İqtisadiyyatların və ixracın şaxələndirilməsi ölkələrimizin qlobal rəqabətədavamlılığını gücləndirir.
İki qüdrətli liderin uzaqgörən qərarları kənar təhdidlərin təsir dairəsini minimuma endirməkdədir. Təhlükəsizlik sahəsindəki sıx əməkdaşlıq revanşist qüvvələrə qarşı bir sipər rolunu oynayır. Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təcavüz təhdidi qarşısında ölkələrimizin birlikdə hərəkət etməsi Şuşa Bəyannaməsinin ən həlledici və prinsipial müddəasıdır. Yekun olaraq qeyd etmək olar ki, bu tarixi Bəyannamə yalnız iki dövlətin maraqlarına deyil, bütövlükdə regionun rifahına, sülhün və təhlükəsizliyin qorunmasına xidmət edir. Şuşada atılan bu imza bizim sarsılmaz iradəmizin və qardaşlığımızın təsdiqidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu