2021-ci il iyunun 15-i Azərbaycan-Türkiyə münasibətləri tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin gün Şuşa şəhərində imzalanan Bəyannamə iki qardaş dövlətin sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Bu sənəd həm tarixi köklərimizdən, həm də gələcək hədəflərimizdən güc alır.
Sənəddə xüsusilə Zəngəzur dəhlizinin açılmasına önəm verilir. Bu dəhliz regionun tranzit potensialını xeyli artıracaq, eyni zamanda Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrasına təkan verəcəkdir. İqtisadiyyatların və ixracın şaxələndirilməsi ölkələrimizin qlobal rəqabətədavamlılığını gücləndirir.
Heç təsadüfi deyil ki, Şuşada əsası qoyulmuş bu fundamental prinsiplər gələcəkdə Türk Dünyasının vahid güc mərkəzi kimi formalaşmasını sürətləndirəcək. Ordu quruculuğunda Türkiyə modelinin tətbiqi, PUA-ların istehsalı və hərbi texnologiyalar sahəsində əməkdaşlıq Azərbaycanın hərbi arsenalının daha da güclənməsinə xidmət edir. Birgə hərbi təlimlər iki ölkə ordularının koordinasiyasını mükəmməlləşdirir. Sonda xüsusi vurğulanmalıdır ki, bu strateji müttəfiqlik Azərbaycanın müstəqilliyini qlobal müstəvidə daha da möhkəmləndirir. Şuşa Bəyannaməsi ortaq mənafelərin qorunmasına xidmət edən tarixi bir zəfər, qardaşlığımızın əbədiyyət sənədidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu