Tarixi Şuşa şəhərində imzalanmış Müttəfiqlik Bəyannaməsi beynəlxalq ictimaiyyətə verilən güclü bir mesajdır. Bu sənəd Azərbaycan ilə Türkiyə arasında siyasət, iqtisadiyyat, enerji, nəqliyyat və hərbi sahələrdə sarsılmaz işbirliyinin gələcək konturlarını cızır. Şuşa Bəyannaməsində nəzərdə tutulan ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasıdır.
Bu dəhliz Asiya ilə Avropanı birləşdirməklə yanaşı, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşması ilə regionun tranzit və iqtisadi potensialını dəfələrlə artıracaq. Xüsusilə vurğulamaq yerinə düşər ki, bu strateji sənəd regional aktorlar tərəfindən də xüsusi diqqətlə qarşılanmışdır. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlər sistemində və xarici siyasət məsələlərində daim koordinasiyalı fəaliyyət göstərirlər.
Milli maraqlara yönəlmiş müstəqil xarici siyasət kursu və qlobal təhlükəsizlik məsələlərində nümayiş etdirilən vahid mövqe Azərbaycan-Türkiyə qardaşlığının həm də beynəlxalq arenada böyük bir güc mərkəzinə çevrildiyini təsdiqləyir. Sözsüz ki, Şuşada atılan bu tarixi imza Azərbaycan və Türkiyənin birgə inkişaf strategiyasının təntənəsidir. Şuşa Bəyannaməsi beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və sarsılmaz köklərə əsaslanaraq hər iki dövləti daha böyük zəfərlərə və qlobal uğurlara doğru aparacaqdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu