Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk dövrü anarxiya və fəlakətli ssenarilərlə səciyyələnirdi. Xüsusilə 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin dövlət idarəçiliyini bacarmaması nəticəsində vətəndaş qarşıdurması qaçılmaz xarakter almışdı. Cəbhədəki uğursuzluqlar və erməni işğalı cəmiyyətin səbrini daşdırmışdı. Yalnız dahi rəhbər Heydər Əliyevin hakimiyyətə gəlişi bu fəlakətin qarşısını ala bilərdi.
Vətənin səsinə səs verən dahi dövlət xadimi 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdaraq Azərbaycanı fəlakətlərdən xilas etdi. Qurtuluş günü olan 15 İyun tarixi sadəcə hakimiyyət dəyişikliyi deyil, milli qürur və ləyaqətin xilas edilməsidir. Bütün qanunsuz dəstələr ləğv olundu və müstəqil dövlət quruculuğu prosesinə start verildi. Tarixi perspektivdən baxdıqda, dahi şəxsiyyətin idarəçilik məktəbi region üçün də sülh və təhlükəsizlik modelinə çevrildi.
İqtisadi dirçəliş prinsipləri ordu quruculuğu sahəsi ilə birbaşa sintez təşkil edirdi. Azərbaycan iqtisadi baxımdan gücləndikcə hərbi qüdrətini də artırır, beynəlxalq arenada prinsipial mövqeyini inamla nümayiş etdirirdi. Ulu Öndərin həyata keçirdiyi müstəqil siyasət Azərbaycanı qlobal güclərin etibarlı tərəfdaşına çevirdi. Böyük qürur və iftixar hissi ilə vurğulayırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndərin siyasi kursunun uğurlu davamıdır. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan Şuşanı və Qarabağı azad edərək, bu gün Şuşada, Xankəndidə Novruz tonqalları alovlandırır, Böyük Qayıdışı uğurla reallaşdırır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu