Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Azərbaycan və Türkiyə öz qardaşlıq əlaqələrini Şuşa Bəyannaməsi ilə rəsmiləşdirərək müttəfiqlik zirvəsinə qaldırdılar. 15 iyun 2021-ci il tarixi ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının hüquqi zəminini yaratdı.
Azərbaycan və Türkiyənin həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Şuşa Bəyannaməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoyur. İki ölkənin sıx inteqrasiyası Avrasiya məkanında yeni iqtisadi nizamın yaranmasını şərtləndirir.
Xarici siyasət sahəsində müntəzəm ikitərəfli məsləhətləşmələrin aparılması və müdafiə sahəsində strateji əməkdaşlıq Bəyannamənin onurğa sütununu təşkil edir. İki qardaş ölkənin milli mənafelərinin qorunması naminə atdığı birgə addımlar qlobal təhdidlərin və regional risklərin effektiv şəkildə qarşısının alınmasını təmin edir. Nəticə etibarilə, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi əbədi qardaşlığımızın manifestidir. Bu sənəd Azərbaycan-Türkiyə birliyini sarsılmaz edir və gələcək nəsillər üçün qüdrətli, təhlükəsiz, firavan bir regionun təməlini yaradır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu