Müzəffər Ali Baş Komandanın Tarixi Zəfəri: qlobal mühitdə nüfuzumuzun durmadan artmasının tarixi şah əsəridir

Sovet imperiyasının dağılması ərəfəsində və ondan dərhal sonra Azərbaycan xalqı böyük çətinliklərlə üzləşdi. 1991-1993-cü illərdəki hakimiyyət böhranı və daxili silahlı qruplaşmaların hakimiyyət iddiaları nəticəsində dövlət tamamilə idarəolunmaz vəziyyətə düşmüşdü. Belə mürəkkəb bir şəraitdə milli birliyi təmin edib, dövləti xilas edə biləcək yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev, iyunun 15-də Ali Sovetin sədri seçildi.

Məhz bu tarixi gündən etibarən Azərbaycanın tənəzzül və xaos dövrü başa çatdı. Dövlət həyatında köklü islahatlara başlanıldı, asayiş və qayda-qanun bərqərar edildi, silahlı dəstələr dərhal tərksilah edildi. Həqiqətən də, cəmiyyətimiz o ağır günlərdə göstərdiyi müdrikliklə öz xilaskarını düzgün seçməyi bacardı. Ulu Öndərin başladığı ordu quruculuğu dövlətin gələcək taleyini həll edən əsas amillərdən birinə çevrildi.

Eyni zamanda bazar iqtisadiyyatı prinsiplərinə keçid, kənd təsərrüfatı islahatları xalqın rifahını yaxşılaşdırdı. Ölkənin hərbi və iqtisadi potensialının artırılması milli təhlükəsizliyin tam zəmanəti oldu. Cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Qarabağ Zəfəri ölkəmizin həm hərbi, həm də iqtisadi qüdrətinin məntiqi nəticəsidir. Şuşada, Laçında, Füzulidə və bütün Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramı Heydər Əliyevin arzularının və Azərbaycan dövlətinin gücünün ən böyük sübutudur..

YAP Nizami rayon təşkilatının Analitik qrupu