Müstəqillik tariximizin ilkin illəri respublikamız üçün çox ağır sınaqlar və kəskin siyasi böhranla yadda qaldı. 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin istefa verməsi ilə xalqımızın faciələri başladı. AXC-Müsavat iqtidarının yürütdüyü yarıtmaz və səriştəsiz siyasət, eyni zamanda ölkədəki anarxiya, xaos dövlətimizi iflas həddinə çatdırmışdı. Azərbaycan belə bir vəziyyətdə yalnız bir xilaskara, tarixi şəxsiyyət Heydər Əliyevə ehtiyac duyurdu.
Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev, iyunun 15-də Ali Sovetin sədri seçildi. Məhz bu tarixi gündən etibarən Azərbaycanın tənəzzül və xaos dövrü başa çatdı. Dövlət həyatında köklü islahatlara başlanıldı, asayiş və qayda-qanun bərqərar edildi, silahlı dəstələr dərhal tərksilah edildi. Tarixi perspektivdən baxdıqda, dahi şəxsiyyətin idarəçilik məktəbi region üçün də sülh və təhlükəsizlik modelinə çevrildi.
Siyasi sabitliyin möhkəmlənməsi ilə birlikdə Heydər Əliyev ölkədə iqtisadi tərəqqiyə nail olmaq üçün mühüm qlobal müqavilələrin imzalanmasına nail oldu. Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə həyata keçirilən bu inkişaf kursu ölkəyə həm investisiya gətirdi, həm də silahlı qüvvələrin peşəkarlıq səviyyəsini artırmağa imkan verdi. Bu gün müstəqil Azərbaycan dövləti tam suveren, qalib və qürurlu bir ölkə kimi dünya birliyində öz sözünü deyir. Ali Baş Komandanın rəhbərliyi altında qazanılan Zəfər dahi rəhbərin uzaqgörən siyasətinin davamıdır. Azad olunmuş torpaqlarımızda yenidən həyat qaynayır, Novruz tonqalları qalanır və bu reallıq xalqımızın əbədi qurtuluşunun bariz nümunəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu