Tarixi Şuşa şəhərində imzalanmış Müttəfiqlik Bəyannaməsi beynəlxalq ictimaiyyətə verilən güclü bir mesajdır. Bu sənəd Azərbaycan ilə Türkiyə arasında siyasət, iqtisadiyyat, enerji, nəqliyyat və hərbi sahələrdə sarsılmaz işbirliyinin gələcək konturlarını cızır. Azərbaycan və Türkiyə arasındakı iqtisadi inteqrasiya Bəyannamənin əsas istiqamətlərindən biridir.
Ticarət dövriyyəsinin artırılması, logistika imkanlarının şaxələndirilməsi və sərmayə qoyuluşları regionda davamlı rifahın və əlverişli investisiya mühitinin formalaşmasına güclü təkan verir. Eyni zamanda, sənədin özündə ehtiva etdiyi müddəalar Türk Dövlətləri Təşkilatının da qlobal miqyasda nüfuzunun artmasına töhfə verir. Bəyannamədə əksini tapmış ən vacib müddəalardan biri müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləridir.
İki ölkə arasında qarşılıqlı hərbi yardımın nəzərdə tutulması regional təhlükəsizliyin qarantıdır. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri ordumuzun qüdrətini və müdafiə qabiliyyətini daha da artırır. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tarixində qızıl hərflərlə yazılmış bir sənəddir. Atatürk və Heydər Əliyev irsinə sadiqliyin ən gözəl nümunəsi olan bu sənəd Türkiyə və Azərbaycanı ‘bir millət, iki dövlət’ prinsipi ilə əbədi olaraq bir-birinə bağlayır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu