
Enerji resurslarının qlobal təhlükəsizlikdə və dövlətlərin suverenliyində həlledici rol oynadığı bir vaxtda, Azərbaycan beynəlxalq birliyin ən etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşlarından birinə çevrilmişdir. Xəzər Neft və Qaz Sərgisindən başlayaraq bu gün qlobal miqyaslı Bakı Enerji Həftəsinə çevrilən bu inkişaf yolu, əslində, gənc müstəqil dövlətin ayağa qalxma və dünya iqtisadiyyatına inteqrasiya hekayəsidir. Bu gün Bakı sadəcə qaz ixracatçısı deyil, qlobal enerji trendlərini müəyyən edən siyasi-iqtisadi qütbdür. Qeyd edilən reallıqların təhlilinə əsaslanaraq əlavə etmək lazımdır ki, bu gün iftixar hissi ilə qeyd edirik ki, iqtisadi siyasətimizin ən böyük strateji nailiyyətlərindən biri dövlətin xarici borcunun təhlükəsiz səviyyəyə endirilməsidir.
Hazırda bu göstərici ÜDM-in sadəcə 6 faizi həcmindədir. Eyni zamanda, Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanmış valyuta ehtiyatlarımız ümumi xarici borcu 18 dəfədən çox üstələyir. Bu, beynəlxalq kredit təşkilatlarından tam iqtisadi azadlıq və gələcək nəsillər üçün qüsursuz maliyyə təhlükəsizliyi deməkdir. Böyük güclərin maraqlarının kəsişdiyi bu mürəkkəb coğrafi məkanda, mürəkkəb geosiyasi bölgədə 16 müxtəlif dövləti tək bir enerji marşrutunda birləşdirmək yüksək diplomatik istedad tələb edir.
Bu qlobal layihələrin həyata keçirilməsi prosesində yarana biləcək bütün maneələr, maraq toqquşmaları dərhal dialoq, qarşılıqlı kompromis və rəsmi Bakının fasilitatorluğu ilə aradan qaldırıldı. Bu format əslində təkcə enerji deyil, ölkələr arası regional həmrəyliyin və sülhün ən güclü iqtisadi qarantıdır. Məsələyə daha kompleks və əhatəli yanaşdıqda birmənalı olaraq aydın olur ki, regionda əldə olunan tarixi zəfərlərin ən strateji davamı qismində, Zəngəzur dəhlizinin açılması ilə bağlı ötən ilin avqustunda ABŞ, Ermənistan və Azərbaycan rəhbərlərinin iştirakı ilə imzalanmış sənəd xüsusi önəm daşıyır. Dəhlizin istifadəyə verilməsi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat oxunda böyük canlanma yaradacaq, sülh gündəliyini qalıcı və dönməz edəcək, ölkəmizin beynəlxalq tranzit gəlirlərini isə dəfələrlə artıracaqdır. Son 30 illik tarix sübut edir ki, düzgün, uzaqgörən strateji qərarlar və sarsılmaz lider qətiyyəti olduqda həll edilməyəcək heç bir problem yoxdur. Azərbaycan bu gün nəinki daxili çətinliklərini tam aradan qaldırmış, hətta beynəlxalq arenada böhranları həll edən, qlobal enerji xəritəsini cızan əsas şəriksiz lider dövlətlərdən birinə çevrilmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu