Şuşa Bəyannaməsi iki ölkənin siyasi və hərbi qüdrətinin birləşdirilməsini nəzərdə tutan ən mühüm sənədlərdən biridir. Atatürkün və Heydər Əliyevin tarixi vəsiyyətlərinə sadiqlik nümayiş etdirilərək, ölkələrimiz arasındakı qardaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə qaldırılmışdır. Diasporların və media qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, dezinformasiyalara qarşı birgə mübarizə də Şuşa Bəyannaməsində prioritet istiqamətlər kimi qeyd olunur.
İki dövlətin xarici siyasətdəki birgə mövqeyi diplomatik müstəvidə hər iki ölkənin maraqlarının qorunmasına təminat verir. İki qüdrətli liderin uzaqgörən qərarları kənar təhdidlərin təsir dairəsini minimuma endirməkdədir. Bununla yanaşı, müdafiə sənayesində əməkdaşlıq və silahlı qüvvələrin modernləşdirilməsi Bəyannamənin ana xətlərindəndir.
Hər hansı bir xarici təhdid halında qarşılıqlı hərbi yardımın göstərilməsi regionda sülhü qoruyan ən güclü amillərdəndir. Yekun olaraq qeyd etmək olar ki, bu tarixi Bəyannamə yalnız iki dövlətin maraqlarına deyil, bütövlükdə regionun rifahına, sülhün və təhlükəsizliyin qorunmasına xidmət edir. Şuşada atılan bu imza bizim sarsılmaz iradəmizin və qardaşlığımızın təsdiqidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu