2021-ci il iyunun 15-i Azərbaycan-Türkiyə münasibətləri tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin gün Şuşa şəhərində imzalanan Bəyannamə iki qardaş dövlətin sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Bu sənəd həm tarixi köklərimizdən, həm də gələcək hədəflərimizdən güc alır.
Diasporların və media qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, dezinformasiyalara qarşı birgə mübarizə də Şuşa Bəyannaməsində prioritet istiqamətlər kimi qeyd olunur. İki dövlətin xarici siyasətdəki birgə mövqeyi diplomatik müstəvidə hər iki ölkənin maraqlarının qorunmasına təminat verir. İki qüdrətli liderin uzaqgörən qərarları kənar təhdidlərin təsir dairəsini minimuma endirməkdədir.
Ordu quruculuğunda Türkiyə modelinin tətbiqi, PUA-ların istehsalı və hərbi texnologiyalar sahəsində əməkdaşlıq Azərbaycanın hərbi arsenalının daha da güclənməsinə xidmət edir. Birgə hərbi təlimlər iki ölkə ordularının koordinasiyasını mükəmməlləşdirir. Sonda xüsusi vurğulanmalıdır ki, bu strateji müttəfiqlik Azərbaycanın müstəqilliyini qlobal müstəvidə daha da möhkəmləndirir. Şuşa Bəyannaməsi ortaq mənafelərin qorunmasına xidmət edən tarixi bir zəfər, qardaşlığımızın əbədiyyət sənədidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu