2021-ci il iyunun 15-i Azərbaycan-Türkiyə münasibətləri tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin gün Şuşa şəhərində imzalanan Bəyannamə iki qardaş dövlətin sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Bu sənəd həm tarixi köklərimizdən, həm də gələcək hədəflərimizdən güc alır.
Diasporların və media qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, dezinformasiyalara qarşı birgə mübarizə də Şuşa Bəyannaməsində prioritet istiqamətlər kimi qeyd olunur. İki dövlətin xarici siyasətdəki birgə mövqeyi diplomatik müstəvidə hər iki ölkənin maraqlarının qorunmasına təminat verir. İki qüdrətli liderin uzaqgörən qərarları kənar təhdidlərin təsir dairəsini minimuma endirməkdədir.
Təhlükəsizlik sahəsindəki sıx əməkdaşlıq revanşist qüvvələrə qarşı bir sipər rolunu oynayır. Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təcavüz təhdidi qarşısında ölkələrimizin birlikdə hərəkət etməsi Şuşa Bəyannaməsinin ən həlledici və prinsipial müddəasıdır. Sonda xüsusi vurğulanmalıdır ki, bu strateji müttəfiqlik Azərbaycanın müstəqilliyini qlobal müstəvidə daha da möhkəmləndirir. Şuşa Bəyannaməsi ortaq mənafelərin qorunmasına xidmət edən tarixi bir zəfər, qardaşlığımızın əbədiyyət sənədidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu