Bu gün Azərbaycan əsgərinin Vətən qarşısındaki şərəfli xidmətinə verilən ən yüksək qiymətin ifadəsidir. Bu baxımdan onu da qeyd etmək lazımdır ki, Müstəqil Azərbaycanın milli ordu quruculuğu tarixinə nəzər saldıqda, bu prosesin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu görürük. Doxsanıncı illərin əvvəllərində ölkə ağır sınaqlarla üz-üzə qalmış, ərazilərimiz işğal altına keçmiş, dövlətçiliyimiz təhlükə qarşısında olmuşdu. Belə bir dönəmdə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə dağınıq vəziyyətdə olan silahlı dəstələri vahid komandanlıq altında birləşdirərək nizami orduya çevirməyə nail oldu.
Bu addım təkcə hərbi deyil, həm də dövlətçilik baxımından həlledici əhəmiyyət daşıyırdı, çünki güclü dövlət yalnız güclü ordu üzərində qurula bilərdi. Eyni zamanda nəzərə almaq vacibdir ki, 26 İyun tarixinin rəsmi dövlət bayramı kimi elan olunması heç də təsadüfi seçim deyildi. Bu tarix Əlahiddə Azərbaycan Korpusunun yaranma günü ilə bağlı olub, milli ordunun rəsmi təsis tarixini simvolizə edir. Hər il bu gün təntənəli şəkildə qeyd edilərkən, xalqımız təkcə ordunun gücünü deyil, həm də onun formalaşması yolunda çəkilən zəhməti və qazanılan təcrübəni xatırlayır.
Bu bayram nəsillər arasında vətənpərvərlik ruhunun ötürülməsində mühüm rol oynayır. Bununla yanaşı vurğulamaq yerinə düşər ki, Heydər Əliyevin hərbi quruculuq sahəsindəki xidmətləri təkcə təşkilati islahatlarla məhdudlaşmırdı. Onun təşəbbüsü ilə yaradılan hərbi təhsil müəssisələri gənc nəslin peşəkar zabit kimi formalaşmasına zəmin yaratdı. Hərbi liseylər, ali məktəblər və sonradan akademiya səviyyəsinə yüksələn təhsil ocaqları məhz bu dövrdə əsası qoyulan strategiyanın məntiqi davamı oldu. Bununla da Azərbaycan özünün milli kadr potensialını formalaşdırmaq imkanı qazandı və xarici təcrübəyə olan asılılığını tədricən azaltdı. Bütün bu faktlar bir daha sübut edir ki, Azərbaycan Ordusu hər zaman Vətənin etibarlı sığortasıdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu