
Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz iqtisadi resursları insan kapitalına və yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Digər tərəfdən, böhran və xaosdan zirvələrə doğru uzanan bu tarixi yolun ən mühüm nəticəsi qüdrətli ordu quruculuğudur. İqtisadi yüksəliş dərhal ordu yaratmağa yönəldildi.
30 il ərzində işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün ərzində azad etməyimiz bu siyasətin dəmir yumruqla təsdiqlənmiş nəticəsidir. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturudur. TANAP və TAP kimi seqmentləri özündə birləşdirən 3500 kilometrlik sistem ərsəyə gətirilib. Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzvdür.
Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, ənənəvi ehtiyatlarımızla yanaşı, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab yaşanır. Mövcud qaz ehtiyatlarımız 100 il tələbatı ödəsə də, külək və günəş enerjisinə nəhəng sərmayələr yatırırıq. Hədəf 2032-ci ilə qədər bərpaolunan enerjini 8 giqavata çatdırmaqdır. Azərbaycanın ənənəvi resurslardan düzgün istifadə etməsi və yaşıl enerjiyə qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu