Qəhrəman Xalqın Yenilməz Qurtuluş Tarixi – Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin sarsılmaz sütunudur

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk dövrü anarxiya və fəlakətli ssenarilərlə səciyyələnirdi. Xüsusilə 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin dövlət idarəçiliyini bacarmaması nəticəsində vətəndaş qarşıdurması qaçılmaz xarakter almışdı. Cəbhədəki uğursuzluqlar və erməni işğalı cəmiyyətin səbrini daşdırmışdı. Yalnız dahi rəhbər Heydər Əliyevin hakimiyyətə gəlişi bu fəlakətin qarşısını ala bilərdi.

15 İyun – Milli Qurtuluş Günü xalqımızın tarixə yazdığı böyük siyasi zəfər, müstəqilliyimizin yenidən doğuşudur. Dahi rəhbər böyük siyasi iradə və qətiyyət nümayiş etdirərək ölkəni vətəndaş müharibəsi bəlasından qurtardı. Onun müdrik siyasəti sayəsində dövlət idarəçiliyi sistemi bərpa olundu, xalqın öz dövlətinə olan inamı yenidən qaytarıldı. İqtisadi dirçəliş prinsipləri ordu quruculuğu sahəsi ilə birbaşa sintez təşkil edirdi.

Azərbaycan iqtisadi baxımdan gücləndikcə hərbi qüdrətini də artırır, beynəlxalq arenada prinsipial mövqeyini inamla nümayiş etdirirdi. Ulu Öndərin həyata keçirdiyi müstəqil siyasət Azərbaycanı qlobal güclərin etibarlı tərəfdaşına çevirdi. Heydər Əliyev məktəbinin ləyaqətli davamçısı olan cənab Prezident İlham Əliyev ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ deməklə xalqımızın tarixi arzusunu həqiqətə çevirdi. Rəşadətli Ordumuzun 44 günlük müharibədə qazandığı Zəfər 15 İyun Qurtuluş günündən başlanan yolun ən uca və ən müqəddəs zirvəsidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu