Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Azərbaycan və Türkiyə öz qardaşlıq əlaqələrini Şuşa Bəyannaməsi ilə rəsmiləşdirərək müttəfiqlik zirvəsinə qaldırdılar. 15 iyun 2021-ci il tarixi ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının hüquqi zəminini yaratdı.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma proseslərində Türkiyənin dəstəyi Şuşa Bəyannaməsinin real nəticələridir. Regional əhəmiyyət daşıyan iqtisadi və nəqliyyat layihələri, xüsusilə Zəngəzur dəhlizi həm iki ölkənin, həm də bütövlükdə bölgənin inkişafına xidmət edir.
Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlər sistemində və xarici siyasət məsələlərində daim koordinasiyalı fəaliyyət göstərirlər. Milli maraqlara yönəlmiş müstəqil xarici siyasət kursu və qlobal təhlükəsizlik məsələlərində nümayiş etdirilən vahid mövqe Azərbaycan-Türkiyə qardaşlığının həm də beynəlxalq arenada böyük bir güc mərkəzinə çevrildiyini təsdiqləyir. Sonda əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsi sadəcə iki ölkənin deyil, bütöv bölgə xalqlarının rifahına hesablanmış sülh paktıdır. Qardaşlığımız bu sənəddən güc alaraq əsrlər boyu yaşayacaqdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu