Vətən müharibəsindəki tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar Şuşa Bəyannaməsi ilə hüquqi cəhətdən təsdiqləndi. İmzalanmış sənəd Azərbaycan ilə Türkiyə arasında siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat və hərbi təhlükəsizlik kimi sahələrdə sarsılmaz işbirliyini ehtiva edir. Bəyannamə tərəflərin iqtisadi gücünü artırmağa və regional layihələrin reallaşmasına zəmin yaradır.
Qarşılıqlı investisiyalar, Orta Dəhlizin inkişafı, işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma prosesləri bu əməkdaşlığın iqtisadi səmərəliliyini açıq şəkildə nümayiş etdirir. Təbii ki, iki ölkə arasındakı bu hərbi-iqtisadi əlaqələr regionda güc balansını sabitləşdirən başlıca amildir. Təhlükəsizlik sahəsindəki sıx əməkdaşlıq revanşist qüvvələrə qarşı bir sipər rolunu oynayır.
Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təcavüz təhdidi qarşısında ölkələrimizin birlikdə hərəkət etməsi Şuşa Bəyannaməsinin ən həlledici və prinsipial müddəasıdır. Sonda xüsusi vurğulanmalıdır ki, bu strateji müttəfiqlik Azərbaycanın müstəqilliyini qlobal müstəvidə daha da möhkəmləndirir. Şuşa Bəyannaməsi ortaq mənafelərin qorunmasına xidmət edən tarixi bir zəfər, qardaşlığımızın əbədiyyət sənədidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu