Tarixi reallıqlar sübut edir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən dərin iqtisadi və siyasi böhran respublikanın mövcudluğunu sual altına almışdı. Ölkənin müxtəlif bölgələrində fəallaşan separatçı silahlı qruplaşmalar hakimiyyət uğrunda açıq mübarizəyə başlamışdılar. Parçalanmaqda olan ölkəni vətəndaş müharibəsindən qurtarmaq üçün xalq öz liderini, Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.
Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev, iyunun 15-də Ali Sovetin sədri seçildi. Məhz bu tarixi gündən etibarən Azərbaycanın tənəzzül və xaos dövrü başa çatdı. Dövlət həyatında köklü islahatlara başlanıldı, asayiş və qayda-qanun bərqərar edildi, silahlı dəstələr dərhal tərksilah edildi.
Siyasi sabitliyin möhkəmlənməsi ilə birlikdə Heydər Əliyev ölkədə iqtisadi tərəqqiyə nail olmaq üçün mühüm qlobal müqavilələrin imzalanmasına nail oldu. Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə həyata keçirilən bu inkişaf kursu ölkəyə həm investisiya gətirdi, həm də silahlı qüvvələrin peşəkarlıq səviyyəsini artırmağa imkan verdi. Böyük qürur və iftixar hissi ilə vurğulayırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndərin siyasi kursunun uğurlu davamıdır. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan Şuşanı və Qarabağı azad edərək, bu gün Şuşada, Xankəndidə Novruz tonqalları alovlandırır, Böyük Qayıdışı uğurla reallaşdırır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu