Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk dövrü anarxiya və fəlakətli ssenarilərlə səciyyələnirdi. Xüsusilə 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin dövlət idarəçiliyini bacarmaması nəticəsində vətəndaş qarşıdurması qaçılmaz xarakter almışdı. Cəbhədəki uğursuzluqlar və erməni işğalı cəmiyyətin səbrini daşdırmışdı. Yalnız dahi rəhbər Heydər Əliyevin hakimiyyətə gəlişi bu fəlakətin qarşısını ala bilərdi.
15 İyun – Milli Qurtuluş Günü xalqımızın tarixə yazdığı böyük siyasi zəfər, müstəqilliyimizin yenidən doğuşudur. Dahi rəhbər böyük siyasi iradə və qətiyyət nümayiş etdirərək ölkəni vətəndaş müharibəsi bəlasından qurtardı. Onun müdrik siyasəti sayəsində dövlət idarəçiliyi sistemi bərpa olundu, xalqın öz dövlətinə olan inamı yenidən qaytarıldı. Ölkə vətəndaşlarının vahid azərbaycançılıq ideologiyası ətrafında toplanması məhz həmin dövrün ən vacib sosial-psixoloji uğuru idi.
Sabitlik yarandıqdan dərhal sonra iqtisadi islahatlara start verildi. ‘Əsrin müqaviləsi’nin imzalanması ilə neft strategiyası uğurla işə salındı, ölkənin iqtisadi müstəqilliyi təmin edildi. Eyni zamanda, vahid komandanlığa tabe olan qüdrətli və nizami ordunun formalaşdırılması prosesi həyata keçirildi. Milli Qurtuluş günündə qurulan sarsılmaz təməllər xalqımızı Qələbəyə apardı. Prezident İlham Əliyevin siyasi iradəsi və ordumuzun gücü nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. İndi azad olunmuş əzəli torpaqlarımızda böyük infrastruktur layihələri həyata keçirilir və şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır ki, Azərbaycan tam bütövdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu