
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq enerji konfransları, sərgi və forumlar Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici, təhlükəsiz və hüquqi cəhətdən zəmanətli məkan olduğunu bir daha əyani sübut edir. Keçən onilliklər ərzində formalaşdırılmış qarşılıqlı etimad, ölkəmizi xarici kapitalın axdığı təhlükəsiz limana çevirmişdir. Bakı Enerji Həftəsində nümayiş etdirilən innovasiyalar və gələcəyə hesablanmış nəhəng tranzit layihələri bu inkişafın sadəcə başlanğıcıdır. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, əldə olunan iqtisadi nailiyyətlərin ən çox hiss olunduğu sahə, heç şübhəsiz ki, sosial sferadır.
Əhalinin bütün təbəqələrinin, xüsusilə də sosial müdafiəyə ehtiyacı olan insanların rifah halının sistemli şəkildə yaxşılaşdırılması, ölkənin hər yerində müasir xəstəxanalar, məktəblər, innovasiya mərkəzlərinin inşası uğurlu strategiyamızın təzahürüdür. Bu, neft kapitalının tədricən intellektual insan kapitalına çevrilməsi konsepsiyasının uğurla həyata keçirildiyinin, vətəndaş amilinin dövlət siyasətinin mərkəzində dayandığının ən bariz, ən tutarlı sübutudur. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, enerji sahəsində çoxşaxəli, hər kəsin maraqlarını nəzərə alan əməkdaşlıq formatının və təchizat zəncirinin yaradılması ölkəmizin diplomatik dühâsının və çevik xarici siyasətinin ən gözəl məhsuludur. 16 fərqli dövlətin, fərqli iqtisadi maraqların daxil olduğu bu nəhəng tranzit zəncirində yaranan hər hansı təbii fikir ayrılıqları məhz rəsmi Bakının təşəbbüskarlığı ilə dərhal, dialoq yolu ilə aradan qaldırılır.
Azərbaycan tərəfindən məharətlə idarə olunan bu çətin proses faktiki olaraq beynəlxalq və regional inteqrasiyanın klassik bir nümunəsidir. Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, bu günə qədər qazanılmış bu böyük geosiyasi və iqtisadi uğurların ən ali tacı qismində, şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasını ehtiva edən, ötən ilin avqustunda imzalanmış tarixi sənədi xüsusi, altını cızaraq vurğulamaq lazımdır. Sözügedən bu mühüm sənəd, daimi sülh gündəliyini daim hər şeydən üstün tutan Azərbaycan dövlətinin həm regionda uzunmüddətli, qalıcı sabitliyi, həm də bütün Avrasiya üçün yeni tranzit imkanlarını beynəlxalq hüquqi cəhətdən tam təmin etməsini, qarant olmasını açıq şəkildə nümayiş etdirir. Müstəqil Azərbaycanın son onilliklərdə keçdiyi möhtəşəm, bənzəri olmayan transformasiya yolu indiki və gələcək nəsillər üçün olduqca böyük bir fəxr, qürur mənbəyidir. Dərin böhrandan və dağıntılardan qurtularaq, qısa müddətdə qlobal miqyasda milyardlarla dollar sərmayədar ölkəyə çevrilmək tarixdə hər bir dövlətə nəsib olmayan nadir, çox böyük bir tarixi uğurdur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu