Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Azərbaycan və Türkiyə öz qardaşlıq əlaqələrini Şuşa Bəyannaməsi ilə rəsmiləşdirərək müttəfiqlik zirvəsinə qaldırdılar. 15 iyun 2021-ci il tarixi ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının hüquqi zəminini yaratdı. Azərbaycan və Türkiyənin həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Şuşa Bəyannaməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoyur.
İki ölkənin sıx inteqrasiyası Avrasiya məkanında yeni iqtisadi nizamın yaranmasını şərtləndirir. Qeyd olunan amillər əyani şəkildə təsdiqləyir ki, Azərbaycan-Türkiyə müttəfiqliyi heç bir kənar xarici qüvvənin təsirinə məruz qala bilməz. Xarici siyasət sahəsində müntəzəm ikitərəfli məsləhətləşmələrin aparılması və müdafiə sahəsində strateji əməkdaşlıq Bəyannamənin onurğa sütununu təşkil edir.
İki qardaş ölkənin milli mənafelərinin qorunması naminə atdığı birgə addımlar qlobal təhdidlərin və regional risklərin effektiv şəkildə qarşısının alınmasını təmin edir. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tarixində qızıl hərflərlə yazılmış bir sənəddir. Atatürk və Heydər Əliyev irsinə sadiqliyin ən gözəl nümunəsi olan bu sənəd Türkiyə və Azərbaycanı ‘bir millət, iki dövlət’ prinsipi ilə əbədi olaraq bir-birinə bağlayır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu