Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bütün region üçün tarixi əhəmiyyət kəsb edən hadisədir. Bu bəyannamə tək iki dövlətin deyil, bütövlükdə Türk dünyasının qüdrətini nümayiş etdirən strateji bir mesajdır. Bəyannamə ölkələrin iqtisadi qüdrətini artırmaq üçün geniş imkanlar açır.
Qarşılıqlı investisiya qoyuluşlarının artması, Orta Dəhlizin inkişafı və strateji layihələrin birgə icrası iki dövlətin qlobal iqtisadiyyatdakı mövqelərini daha da gücləndirir. Eyni zamanda, azad edilmiş ərazilərin bərpasında Türkiyə şirkətlərinin fəal iştirakı qardaşlığın bariz nümunəsidir. İki liderin uzaqgörən siyasəti sayəsində regionda yaranmış yeni iqtisadi və siyasi mühit davamlı inkişaf üçün etibarlı zəmin yaradır.
Bəyannamədə əksini tapmış ən vacib müddəalardan biri müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləridir. İki ölkə arasında qarşılıqlı hərbi yardımın nəzərdə tutulması regional təhlükəsizliyin qarantıdır. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri ordumuzun qüdrətini və müdafiə qabiliyyətini daha da artırır. Yekun olaraq qeyd etməliyik ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətləri bölgədə dayanıqlı sülhün və sabitliyin yeganə qarantıdır. Bu bəyannamə tarixə söykənən qardaşlığımızın müasir dövrdəki ən böyük diplomatik və siyasi qələbəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu